Dostoyevski – “Yeraltından qeydlər”dən çıxarılmalı əsas nəticə!

Uşaqlıqda izlədiyimiz serial və kinolarda bəzi adamların sadəcə pis olduğu mesajı verilirdi. Sonra isə bunun tam tərsini dedilər: İnsanlar başına pis hadisələr gəldiyi üçün pis olur.

Bu gün biz kiminsə sadəcə pis ola biləcəyinə inanmırıq. Amma insan təkcə başına pis hadisələr gəldikdə, pis münasibət gördükdə kiməsə pislik eləyir, düşüncəsi də həmişə doğru olmaya bilər.

Dostoyevski bu əsəri yazdığı vaxtlar Rusiyada səfil həyatı yaşayanlar sosialist inqlabın nəfəsini boylarının ardında hiss eləyirdi. Sənayenin inkişaf etdiyi ölkələrdə Adam Smitin  kapitalist (Adam Smit – sərbəst bazar iqtisadiyyatı kimi kapitalizmin bel sümüyünü təşkil edən nəzəri konsepsiyaların banisidir.) və Karl Marksın kommunist nəzəriyyələrindəki iqtisadi modellər müzakirə olunurdu. 19-cu əsrin əvvəllərində Almaniyada Humboltun təhsilin inkişafına dair yazılarının təhsilə tətbiq olunması universitetlərin tələbələri elmi tədqiqata çağırması və elmi tədqiqatların sırf elmi məqsədlərlə aparılmasıyla nəticələndi, bu da öz növbəsində iqtisadiyyata təsir edəcək elmi-texniki kəflərin artması və elmi-iqtisadi-fəlsəfi modellərin hamılıqla müzakirə olunmasına gətirib çıxardı. Və burada hər şeyi saxlayıb əvvəl Marksı başa düşmək lazımdır.

Marksı anlamaq Russoyla Hegeldən keçir. Jan Jak Russonun dövlətin yaranması haqda irəli sürdüyü fikirlər mülkün bu barədəki əhəmiyyətini ortaya çıxarırdı. Jan Jak Russo deyirdi ki, hər şey bir adamın “bu torpaq mənimdir” deməsiylə başladı. O adamın bu sözlərini eşidənlər durduq yerdə, “onda bu yer də mənimdir”, dedilər. Və bu adamların hər biri mülkiyyət haqqına sahib olmağı istədiyi torpağın mülkiyyət haqqına sahib ola bilmək üçün digərlərinin mülkiyyət haqqına sahib olmaq istədikləri torpağın mülkiyyət haqqına sahib olduqlarını tanımağa məcbur oldu. Dövlət də mülk bölgüsünün tanınması haqda insanların razılıqları toplusudur. Marksa görə isə ümumiyyətlə mənəvi və zehni olan hər şey (və ideologiyalar da həmçinin) mülk bölgüsünün, daha dəqiqi, mülkün qeyri-bərabər bölünməsinin nəticəsidir.

Hegel deyəndə isə ilk yada düşən dialektikadır. Dialektika bu mövzuya uyğun şəkildə belə şərh oluna bilər. Hegelə görə əvvəl bir mənəviyyat var. Mənəviyyatdan onun anti-tezisi (tam əksi), yəni maddiyyat yaranır. Tezislə anti-tezisin sintezindən isə yeni bir şey yaranır. Sonra o yeni yaranan şey özünü tezis kimi aparır, sonra bu tezisdən anti-tezis yaranır, sonra onların sintezi və beləcə tarix formalaşır. Eləcə də mənəviyyatla mənəviyyatın anti-tezisi olan maddiyyatdan onların sintezi olan insan yarandı. Başqa sözlə, insan mənəviyyat və mənəviyyatın əksi olaraq yaranmış maddiyyatın sintezidir.

Marks deyirdi ki, Hegel yaxşı deyir, amma vəziyyəti tərsə-mərs görür. (Marksa da deyirlər ki, bəlkə, sən özün tərsə-mərs dayanmısan deyə Hegeli tərsə-mərs görürsən. Amma bu, hələlik qalsın burada, biz Marksın dediklərilə davam edək.) Maddiyyat mənəviyyatın anti-tezisi kimi yox, mənəviyyat maddiyyatın anti-tezisi kimi meydana gəlmişdir. Yəni, ailə quruluşunu təşkil edən əsas münasibətlər də daxil olmaqla sevgi, din, siyasi baxışlar və s. bütün mənəvi-zehni abstrakt ünsürlər mülkiyyət bərabərsizliyindən yaranır. İndi əgər bu mülkiyyət qeyri-bərabərliyini aradan götürsək, o nifrət-sevgi, intiqam, ailə problemləri və ailəni-vətəni müdafiə cəhdləri, savaş-döyüş kimi məsələlər nolar? Mülkiyyət qeyri-bərabərliyi olmasa heç kəs oğurluq eləməz, eləmi? Dostoyevski burada normalda kimdənsə, başqa bir tərzdə eşitsək, gülüb keçəcəyimiz bir iddia irəli sürür. Dostoyevski deyir ki, ağlın tapdığı modellər bizi və hərəkətlərimizi tam proqnozlaşdırsa belə, sırf bu modelləri (və təbii ki, ağlı) səhv çıxarmaq üçün bu modellərdə qeyd olunandan fərqli tərzdə davranacam. Və əgər o ağıllı modellər mənim acıqdan elədiyim bu (istisnai) kənara çıxmanı da təxmin edə bilsə, sırf ağlı səhv çıxarmaq üçün qəsdən dəli olacam!

(Burada başınız qarışıbsa, məqaləni qayıdıb bir də başdan oxuyun.)

İndisə keçək əsərin özünə. Dostoyevskinin “Yeraltından qeydlər” adlı əsəri iki hissədən ibarətdir. İlk hissədə sadəcə bir adam öz fikirlərini deyir, ikinci hissədə isə ilk hissədəki fikirlər hekayə formatında izah olunur.

Əgər ilk yarıda ilişsəniz, görsəniz getmir, görsəniz ki, kitabı bir kənara qoymaq üzrəsiniz, keçin ikinci hissəni oxuyun, sonra qayıdıb birinci hissəni oxuyarsınız.

Son bir qeyd: Əgər Dostoyevskini diqqətlə, həqiqətən, ürəklə oxuyursunuzsa, ateist də olsanız, dəli olmamaq üçün Allaha yalvaracaqsınız!

Şəkil: http://dostoevsky-bts.com/blog/transgressive-spiteful-side-notes-underground/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma